Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzində Novruz bayramı qeyd olunub [FOTOLAR]
![Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzində Novruz bayramı qeyd olunub [FOTOLAR]](https://www.azernews.az/media/2024/03/12/cfdveerf4.jpg)
Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində Novruz “Ana dili” həftəsonu dərsləri çərçivəsində Novruz bayramı qeyd olunub.
oxuaz xəbər verir ki, tədbiri giriş sözü ilə açan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova ana dilinin əhəmiyyətindən və bu kursların mərkəzin fəaliyyətində tutduğu yerdən danışıb .
Bildirilib ki, uşaqdan böyüyə hər kəsin sevimli bayramı olan Novruz bayramı ərəfəsində təşkil olunan tədbir kurslarda iştirak edən uşaqların böyüklərə hədiyyəsidir. Bayrama xüsusi həvəslə hazırlaşan uşaqlar ana dilində şeirlər və mahnılar, müxtəlif milli rəqslər öyrəniblər.
Daha sonra kursun rəhbəri Yeganə Balamadova çıxış edərək bayram proqramı haqqında danışıb və Vyanada yaşayan azərbaycanlıları övladlarını Mədəniyyət Mərkəzindəki həftəsonu kurslarına, rəsm və rəqs dərnəklərinə daha fəal yazdırmağa dəvət edib.
Uşaqlar səhnəyə çıxaraq Novruza həsr olunmuş mahnı və şeirlər səsləndirib, milli rəqslərimizi ifa ediblər. Konsertdən sonra mərkəzin əməkdaşları Rəşid Əsgərli və Gülər Əzizova Azərbaycan yazıçısı Abdulla Şaiqin “Tıq Tıq xanım” nağılı əsasında hazırlanmış kukla tamaşasını təqdim ediblər.
Bədii hissədən sonra uşaqlar və valideynlər bayram süfrəsinə dəvət olunub, uşaqlar üçün müxtəlif oyunlar oynanılıb.
Azərbaycan Mədəniyyət Mərkəzində dil kursları iki istiqamətdə fəaliyyət göstərir. Avstriyada yaşayan soydaşlarımızın uşaqları üçün həftəsonu kurslarda Azərbaycan dili və ədəbiyyatı, Azərbaycanın tarixi və mədəni irsi üzrə dərslər keçirilir.
Filologiya elmləri doktoru Yaqut Abdallanın rəhbərlik etdiyi kurslarda Azərbaycan dili xarici dil kimi tədris olunur. Xaricilər üçün Azərbaycan dili kursları Mədəniyyət Mərkəzi yaradılan 2013-cü ildən fəaliyyət göstərir.