Bakıda Pakistanın Milli Günü münasibətilə rəsmi qəbul olub [FOTO]
Pakistan İslam Respublikasının Milli Günü münasibətilə rəsmi martın 29-da Bakıda rəsmi qəbul təşkil olunub.
Azernews-un məlumatına görə, tədbir hər iki ölkənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.
Pakistanın Azərbaycandakı səfiri Bilal Hayi Azərbaycan ilə Pakistan arasındakı çoxşaxəli əlaqələrdən və yaxın dostluq münasibətindən danışıb. Diplomat iki ölkə arasında siyasi, iqtisadi-ticarət, müdafiə, təhlükəsizlik, mədəniyyət, təhsil və digər sahələrdə əməkdaşlığın uğurla davam etdirildiyini bildirib.
Ölkəsinin müstəqillik tarixindən danışan diplomat Pakistanın bundan sonra da inkişaf edəcəyinə və daha da güclənəcəyinə əminliyini ifadə edib.
“Biz inanırıq ki, Azərbaycan Qarabağ problemini uğurla həll etdiyi kimi Pakistan da Kəşmir məsələsini həll edəcək. Ölkələrimiz hər zaman bir-birini dəstəkləyib və bu dəstək davam edəcək”, – səfir bildirib.
Tədbirdə çıxış edən Azərbaycanın müdafiə sənayesi naziri Vüqar Mustafayev Pakistanın milli bayramı münasibətilə Prezident İlham Əliyevin təbriklərini çatdırıb. O, Azərbaycan ilə Pakistan arasında mövcud iqtisadi, siyasi və mədəni əlaqələrin dostluq prinsipləri üzərində qurulduğunu qeyd edib. Pakistanın Azərbaycan üçün çox mühüm ölkə olduğunu deyən nazir əlavə edib ki, Pakistan müstəqilliyini bərpa etdikdən sonra ölkəmizi tanıyan ilk dövlətlərdən biridir. Bundan əlavə, Pakistan Qarabağ məsələsi ilə bağlı beynəlxalq platformalarda Azərbaycanı daim dəstəkləyir.
Nazirin sözlərinə görə, bu gün hər iki ölkəni güclü siyasi əlaqələr bağlayır. Ölkələrimiz arasında münasibətlər indi strateji müttəfiqlik səviyyəsinə yüksəlib. Azərbaycan ilə Pakistan arasında əlaqələrin möhkəm təməlinin Ulu Öndər Heydər Əliyevin hakimiyyəti illərində qoyulduğunu diqqətə çatdıran V.Mustafayev iki ölkə arasında əlaqələrin hazırda yüksək səviyyədə uğurla davam etdirildiyini bildirib.
O bildirib ki, Azərbaycan ilə Pakistan arasında ticarət dövriyyəsi ildən-ilə artır. Ölkələrimizin müxtəlif sahələrdə uğurlu əməkdaşlığından, çoxlu sayda sənədlərin imzalanmasından danışan nazir deyib.
“Azərbaycan xalqı Pakistan dövlətinin və xalqının dəstəyini yüksək qiymətləndirir. Əminik ki, bundan sonra dostluğumuz və əlaqələrimiz daha da dərinləşəcək və möhkəmlənəcək”, – nazir əlavə edib.