Bakıda “Əlimdə torpaq, ürəyimdə bahar” xeyriyyə yarmarkası açılıb [FOTO/VİDEO]
![Bakıda “Əlimdə torpaq, ürəyimdə bahar” xeyriyyə yarmarkası açılıb [FOTO/VİDEO]](https://www.azernews.az/media/2024/03/06/charityfair.jpg)
Martın 1-də “Nargis” Fondunun təşkilatçılığı ilə yazın gəlişindən xəbər verən “Əlimdə torpaq, ürəyimdə bahar” xeyriyyə yarmarkası öz qapılarını bakılıların və şəhər qonaqlarının üzünə açıb.
2019-cu ildən təşkil olunan bu yarmarka şəhərin mərkəzində əsl Novruz ab-havası yaradır və bir çox ailələrə ümid bəxş edir.
Yarmarkanın sponsorlarının maliyyə dəstəyindən və orada tikilən evlərin kirayəsindən toplanan bütün vəsait müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqların müalicə və istismar xərclərinin ödənilməsinə sərf olunur. Daha sonra yarmarkanın maliyyə hesabatı və nəticələri barədə Fondun rəsmi internet saytında, www.nargisfund.com və sosial şəbəkə hesablarında ətraflı məlumat paylaşılıb.
Yarmarkanın açılışı münasibətilə Fəvvarələr meydanının ərazisində möhtəşəm konsert proqramı təşkil olunub. Konsert növbəti dəfə peşəkar Ezel Media komandası tərəfindən keçirilib. Konsertdə Tünzalə Ağayeva, Nərmin Kərimbəyova, Rəsul Əfəndiyev, Namiq Qaraçuhurlu və digər məşhur müğənnilər iştirak edərək hər qonağa xoş ovqat bəxş ediblər.
Martın 1-dən 30-dək hər gün saat 11:00-dan 23:00-a kimi “Əlimdə torpaq, ürəyimdə bahar” xeyriyyə yarmarkası keçiriləcək.
Tədbirin rəsmi tərəfdaşları Bakı Şəhər İcra Hakimiyyəti, “Azərişıq” ASC, Bakı Abadlıq Xidməti, Azərbaycan Dövlət Reklam Agentliyi, “Azərbaycan Hava Yolları” QSC, PAŞA Holdinq Mühafizə Xidməti, “Styrofor Cut” və “HazırCavab”dır.
Xeyriyyə yarmarkası PASHA Holding, Azercell, Coca-Cola, R Group Holding, Azerlotereya, TESS, Trendyol, Lays, Xırta-Xırt və Eat me Kumpir kimi sponsorların əvəzsiz dəstəyi ilə təşkil olunub.
Yarmarka 35 iri və 20 kiçik ev, 3 ikimərtəbəli restoran, Novruz bayramı ilə bağlı müxtəlif konstruksiya və elementlərdən, kiçik köşklərdən, oyun zonasından, fotozonadan, 4D kinoteatrdan, qorxu evi, labirint otağından, və müxtəlif tematik guşələr.
Yarmarka ərazisində quraşdırılmış iki böyük monitorda yarmarka haqqında ətraflı məlumat və yarmarkanın xəritəsi təqdim olunur.
Hər il olduğu kimi, bu il də internat məktəblərinin, uşaq evlərinin, sığınacaqların, müxtəlif sosial xidmət müəssisələrinin gənc sakinləri yarmarkanın xüsusi qonaqları olacaqlar.
Yarmarkanın qonaqları sərfəli qiymətlərlə şirniyyatlardan, milli və xarici mətbəxin ləziz təamlarından dada, eksklüziv suvenirlər və hədiyyələr ala, hər yaşa uyğun oyunlar oynaya, şəkil çəkdirə, ən əsası isə Novruz bayramının həyəcan və sevincini bölüşə bilərlər.
Hörmətli Bakı sakinləri və şəhər qonaqları, hər birinizi “Əlimdə torpaq, ürəyimdə bahar” xeyriyyə yarmarkasında gözləyirik! Baharın gəlişini birlikdə qarşılayaq!