Azərbaycanda ilk dəfə “Baku Speed Festival” keçirilib
Azərbaycan Avtomobil Federasiyası, “Caspian Event Organisers” və “Baku City Ring” Əməliyyat şirkətlərinin birgə təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə olaraq “Bakı Sürət Festivalı” keçirilib.
oxuaz məlumatına görə, festival çərçivəsində avtomobil sərgisi təşkil olunub. Sərgidə müxtəlif markalı avtomobillərin test-drayvı olub.
Ən yaxşı drift pilotlarının ekstremal şəraitdə öz bacarıqlarını və sürücülük bacarıqlarını nümayiş etdirdiyi drift şousu festivalın tamaşaçıları tərəfindən rəğbətlə qarşılanıb. Onlar avtomobil sənayesinin aparıcı istehsalçılarının ən son yeniliklərini kəşf etmək imkanı əldə etdilər.
Tədbirdə bütün dünyada çoxsaylı pərəstişkarları cəlb edən dinamik yürüşləri ilə tanınan “Legend Cars Challenge Baku” yarışı keçirilib. Yarışda 1930-1940-cı illərin klassik Amerika tipli avtomobillərindən istifadə edilib. Güclü “Yamaha” motosiklet mühərrikləri ilə təchiz edilən bu avtomobillər sürəti və manevr qabiliyyəti ilə seçilir.
Klassik idman avtomobilləri xüsusi quraşdırılmış trasda yarışırdı. Maraqlı və gərgin idman mübarizəsi şəraitində keçən “Legend Cars Challenge Baku” yarışının qalibi Elçin Həsənov olub. Murad Həsənov ikinci, Gülhüseyn Abdullayev isə üçüncü yeri tutub.
Sonra qaliblərin mükafatlandırılması mərasimi keçirilib.
Qaliblərə mükafatları Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov, “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin baş direktoru Maqsud Fərzullayev və Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev təqdim ediblər.
Qeyd edək ki, festivalın keçirilməsində məqsəd regionda avtomobil idmanını populyarlaşdırmaq, həmçinin avtomobil sənayesində ən son nailiyyətləri nümayiş etdirmək üçün platforma yaratmaqdır.