Azərbaycan Ordusunun Mühəndis Qoşunları minalardan təmizləmə işlərini davam etdirir
oxuaz Azərbaycan Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, bu ilin may ayında Azərbaycan Ordusunun Mühəndis Qoşunlarının birlik və bölmələri işğaldan azad edilmiş ərazilərdə 254 hektardan çox ərazini minalardan uğurla təmizləyib.
Məlumata görə, əməliyyatlara başlayandan indiyədək Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri işğaldan azad edilmiş ərazilərdə ümumilikdə 37 min 583 hektar ərazini mina və partlamamış hərbi sursatlardan təmizləyib.
Bu səylər nəticəsində 10 463 piyada əleyhinə mina, 3 318 tank əleyhinə mina və 12 814 partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib.
Planlaşdırılan tədbirlər çərçivəsində yaşayış məntəqələrinin, kənd təsərrüfatı sahələrinin, yolların və infrastruktur obyektlərinin minalardan təmizlənməsinə diqqət yetirilməklə, davamlı mühəndis dəstəyi tədbirləri həyata keçirilir.