Art Olimpia 2000 gənc istedadı qəbul edir [FOTOLAR]
oxuaz xəbər verir ki, Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Azərbaycan Gənclər Birliyi və Azərbaycan Rəqs Assosiasiyasının birgə təşkilatçılığı ilə “Art Olimpia” keçirilib .
İki gün ərzində layihə Bakı, Sumqayıt, Ağdaş, Yevlax, Mingəçevir, Oğuz, Şəki və digər şəhərlərdən 2000-dən çox gənc istedadı qəbul edib.
Müsabiqə solo, duet, kiçik qrup və ansambllar, müxtəlif yaş kateqoriyaları, müxtəlif sənət növləri (xalq çalğı alətləri, klassik çalğı alətləri, vokal, rəqslər, təsviri incəsənət, bədii qiraət) nominasiyaları üzrə keçirilib.
Qaliblər arasında Ağdaş rayonundakı Qabil Əliyev adına 1 nömrəli Uşaq Musiqi Məktəbi, Azərbaycan Milli Konservatoriyasının nəzdində İncəsənət Gimnaziyası, Sumqayıt şəhərindəki Qara Qarayev adına 1 nömrəli Uşaq Musiqi Məktəbi, “Qaval” rəqs ansamblı da var. JAM SS Teatrının gənc istedadları teatr sənəti üzrə Qran Pri mükafatına layiq görülüblər.
Mükafatlandırma mərasimində Azərbaycan Gənclər Birliyinin sədr müavini Rəsul Əliyev iştirak edib.
Azərbaycan Rəqs Assosiasiyasının prezidenti Əziz Əzizov qeyd edib ki, festival gənc nəsildə mədəniyyətin müxtəlif sahələrinə marağın artırılmasına, yaradıcılıq qabiliyyətlərinin inkişafına, yeni istedadların aşkara çıxarılmasına və dəstəklənməsinə, gənclər arasında mədəni dialoqun formalaşdırılmasına xidmət edir.
Tədbirin media tərəfdaşları Azernews.Az, Trend.Az, Day.Az, Milli.Az-dır.