2023-cü ilin 11 ayı ərzində Bakı Hava Limanında sərnişin axını 5,3 milyon nəfəri ötüb
2023-cü ilin yanvar-noyabr aylarında Heydər Əliyev Beynəlxalq Aeroportunda sərnişin dövriyyəsində əhəmiyyətli artım müşahidə olunub.
Belə ki, bu ilin 11 ayı ərzində akı Hava Limanında sərnişin dövriyyəsi 31,2 faiz artaraq 5 milyon 301 min nəfər olub. Ötən ilin eyni dövründə bu rəqəm 4 milyon 40 min nəfər təşkil edib. Bu müddət ərzində Heydər Əliyev Beynəlxalq Aeroportundan təxminən 45 min uçuş həyata keçirilib.
Beynəlxalq istiqamətlərə daşınan bütün sərnişinlərin 58,5 faizi bu dövrdə 2 milyon 710 min sərnişin daşıyan xarici aviaşirkətlərin payına düşüb. Bakı hava limanından sərnişindaşımanın qalan hissəsini Azərbaycan Hava Yolları (AZAL) həyata keçirib. Bu dövrdə AZAL beynəlxalq reyslərdə 1 milyon 925 mindən çox, Naxçıvan istiqamətində isə 660 min sərnişinə xidmət göstərib.
2023-cü ilin 11 ayı ərzində Heydər Əliyev Beynəlxalq Aeroportuna 42 aviaşirkət müntəzəm reyslər həyata keçirib, onlardan 18-i aşağı büdcəli aviaşirkətlərdir. Onların daşıdığı sərnişinlərin sayı xarici aviaşirkətlərin ümumi sayı ilə müqayisədə 43,4 faiz təşkil edib. Ümumilikdə ən çox sərnişin daşıyan Türk Hava Yolları, Georgian Wings, Aeroflot, Utair və FlyDubai şirkətləri olub.
Qeyd edək ki, sərnişinlərin əlçatanlığını və rahatlığını təmin etmək məqsədilə Azərbaycana uçuşlar həyata keçirən xarici aviaşirkətlərlə əməkdaşlığın genişləndirilməsi davam etdirilir.